Yuxarı

İnzibati rəhbər vəzifələrə keçirilən imtahanda 13 namizəd uğur qazanıb

İnzibati rəhbər vəzifələrə keçirilən imtahanda 13 namizəd uğur qazanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahana qeydiyyat noyabrın 7-dən başlayıb və bu müddət ərzində 96 namizəd qeydiyyatdan keçib.

İmtahan təlimata uyğun olaraq kompüter vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 90 namizəd iştirak edib. 13 namizəd müxtəlif vəzifə qrupları üzrə tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə  ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilən surətləri formaya əlavə edilir.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 20‑21 noyabrda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( Bakı Asiya Universitetinin binası).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi