İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinin icrasına başlanılıb

İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinin icrasına başlanılıb Məqsədi yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır
Elm və təhsil
20 Dekabr , 2016 17:35
İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinin icrasına başlanılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinin icrasına başlanılıb.

"Report"un məlumatına görə, layihənin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır.

Layihə çərçivəsində ilk təlimlər Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 2 saylı internat məktəbində keçirilib. Həftəsonları təşkil edilən təlimlərdə jurnalist-yazar Vüsalə Məmmədova və yazar Sevinc Elsevər iştirak ediblər. Uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədi daşıyan təlimlərdə uşaq ədəbiyyatı nümunələri oxunub. Sonra əsərlər təhlil edilib, müzakirələr təşkil olunub.

Sonda uşaqlara kitablar paylanaraq, növbəti görüşdə müzakirəyə çıxarılacaq əsərləri oxumaları tövsiyə edilib.

Təlimlərdə həm də uşaqlara “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusu təqdim olunub. Dərginin növbəti sayında çap olunmaq üçün internatda yaşayan və oxuyan uşaqlar arasında müsabiqə elan edilib.

“Ədəbiyyat saatı” layihəsinin məqsədi həm də uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyası, fantaziyalarının zənginləşdirilməsi, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və peşə seçiminə yardımçı olmaqdır. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır. 

Son xəbərlər

Orphus sistemi