Bakı. 1 dekabr. REPORT.AZ/ Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə dekabrın 1-də "İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva,
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva inklüziv təhsilin inkişafı ilə bağlı Azərbaycanda görülən işlərdən və konfransın müəllimlər üçün praktik əhəmiyyətindən danışıb. Nazir müavini qeyd edib ki, bu sahədə müəllimlərin peşə səriştəsinin artırılması ümumilikdə təhsilin humanistləşdirilməsinə və onun keyfiyyətinin artırılmasına xidmət edəcək. M.Vəliyeva sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı əhali arasında məlumatlandırma işinin təşkil edilməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayıb.
Tədbirdə qeyd olunub ki, Dövlət Proqramının qəbulundan keçən müddət ərzində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən ibtidai sinif müəllimləri üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təhsili proqramı hazırlanıb, həmçinin məktəb rəhbərlərinin bu istiqamətdə məlumatlandırılması məqsədilə “İnklüziv məktəb” mövzusunda seminarlar təşkil edilib. Cari dərs ilinin sonunadək Bakı şəhərində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin direktorlarının həmin seminarlarda iştirakı planlaşdırılır. Gələn dərs ilindən seminarlar digər regionları da əhatə edəcək.
TİPİİ həmçinin Avropa İttifaqının qrantını qazanmış iki böyük təşkilatın – Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin Azərbaycanda inklüziv təhsil mədəniyyətinin genişləndirilməsinə yönəlmiş layihələrinin fəal tərəfdaşıdır.
Konfrans ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılovanın “İnklüziv təhsilin nəzəri məsələləri" mövzusunda məruzəsi və məruzə ətrafında müzakirələrlə davam edib.
Panel müzakirələrdə mütəxəssislər Nərmin Rəhimlinin “Autizm sindromlu uşaqlarla işin təşkili” və Vüsalə Həsənovanın "İnklüziv siniflərdə istifadə olunan interaktiv təlim üsulları" mövzularında çıxışları dinlənilib.
Qeyd edək ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.