Yuxarı

Nazir: "İnklüziv məktəblərdə təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil"

İlkin olaraq pilot layihə şəklində 2 məktəbdən bu prosesə başlayırıq

Bakı. 4 iyun. REPORT.AZ/ "Bu ildən Azərbaycanda ilk dəfə olaraq iki ümumtəhsil orta məktəbdə inklüziv təhsilin tətbiqinə başlanılacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, inklüziv təhsilin mənası və fəlsəfəsi bütün uşaqların eyni siniflərdə tədris almasıdır: "Təbii ki, burada hansısa xüsusi sinfin və ya xüsusi qayğıya ehtiyacı olan ayrıca sinfin yaradılmasından söhbət getmir. Əsas məsələ sosiallaşma və təlim-tədris prosesinə uyğun olaraq bütün uşaqların bir məktəbdə və bir sinifdə tədris almasının mümkünlüyüdür. Ona görə də məktəb məhz bu sistemə görə hazırlanmalıdır. Burada həm maddi-texniki infrastruktur, həm təlim prosesi, həm də xüsusi ştatların mövcudluğu əsas götürüləcək. Ona görə də ilkin olaraq pilot layihə şəklində 2 məktəbdən bu prosesə başlayırıq".

Nazir onu da qeyd edib ki, orada təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil: "Çünki bu həm də validyenlərin qərarlarından asılı olacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi