Yuxarı

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq artistləri Rasim Balayev, Azərpaşa Nemət, Hacı İsmayılov, BŞTİ-nin struktur bölmə rəhbərləri, 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev, ziyalılar, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Bakı şəhəri 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev qonaqları salamlayıb. T.Mirzəliyev çıxışı zamanı böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.

Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq, ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin, şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

İdarə müdiri çıxışında ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini qeyd edib.

R.Tağıyev hələ ötən əsrdə böyük söz ustadının 600 illik yubileyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunduğunu və həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparıldığını bildirib.

İdarə müdiri klassik Azərbaycan poeziyasında öz üslubu ilə seçilən şairin müxtəlif ideyalarla zəngin bədii irsinin özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi söz sənətinin qiymətli incilərini yaratdığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq artistləri Rasim Balayev və Azərpaşa Nemət Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Daha sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi