Bakı. 7 iyul. REPORT.AZ/ İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün tələbə qəbulu elan edir.
Tədris rus dilində olsa da, müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
Universitetin komissiyasının apardığı qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul olmaq istəyənlər rus dili və kimya fənləri üzrə test imtahanı verməlidirlər.
Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyanın keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.
Filialın tədris fəaliyyətini Universitetin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti həyata keçirəcək. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcək.
Qəbul olmaq istəyən şəxslər müvafiq sənədlərini 21-22 iyulda saat 10:00-dan 18:00-dək təqdim edə bilərlər.