Yuxarı
    Bağlamaq

    Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilk dəfə IX Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak edəcək

    Latviya və ABŞ sərginin debütantlarıdır

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Sabah Bakı Ekspo Mərkəzində IX Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. “Report” xəbər verir ki, sərgi ilə bağlı keçirilən mətbuat konfransında dünyanın 16 ölkəsindən 124 müəssisənin iştirak edəcəyi bildirilib.

    Qeyd olunub ki, Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgisi Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunur. Ənənəvi olaraq, “Təhsil” sərgisi “Karyera” sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur.

    Bu il “Təhsil” sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.

    Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Latviya və ABŞ bu sərginin debütantlarıdır.

    Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, “МИСиС” Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N.P.Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.

    Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

    Sərgi işini oktyabr ayının 11-dək davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi