Yuxarı

İlk peşə-ixtisas təhsili müəssisələrində oxuyan şagirdlərin buraxılış imtahanının nəticələri açıqlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrində oxuyan şagirdlərin buraxılış imtahanının nəticələri açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib. 

"Report" xəbər verir ki, imtahan nəticələri martın 1-də saat 15:05-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 3432 nəfərdən 114 nəfər imtahana gəlməyib, 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına martın 4-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi