İldə 700 kitab oxuyan amerikalı professor BBF-də mühazirə deyib - FOTO

İldə 700 kitab oxuyan amerikalı professor BBF-də mühazirə deyib - FOTO Amerikalı alim Azərbaycana səfəri ilə bağlı fikirlərini bölüşüb
Elm və təhsil
18 Aprel , 2017 17:09
İldə 700 kitab oxuyan amerikalı professor BBF-də mühazirə deyib - FOTO
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ Amerikalı professor Dr. Sem Potolikkio bu gün “Baku Business Factory”də (BBF) “Biznes Dünyasında Effektiv Qərarvermə” mövzusunda seminar keçib. “Report” xəbər verir ki, 50-dən artıq gəncin iştirakı ilə keçən seminar 2 saat davam edib.

ABŞ səfirliyinin maliyyələşdirdiyi “Alumni MAX” proqramı çərçivəsində Azərbaycana gələn Dr. Sem Potolikkio seminar zamanı gəncləri maraqlandıran bir sıra məsələlərə toxunub. Onun sözlərinə görə, sosial media insanları daha da həssaslaşdırır, bu isə onların ictimai və biznes fəaliyyətinə birbaşa təsir edir.

İl ərzində 500-700 arası kitab oxuduğunu deyən S. Potolikkio mütaliənin doğru qərarvermə üçün də əhəmiyyətli olduğunu qeyd edib.

Amerikalı alim Azərbaycana səfəri ilə bağlı fikirlərini bölüşüb. O, ilk səfəri zamanı cəmi 1 gün Bakıda qaldığını sonra isə Gəncə və Mingəçevirdə olduğunu, Azərbaycan milli mətbəxini çox bəyəndiyini vurğulayıb.

Xatırladaq ki, Sem Potolikkio Avropanın ən böyük universiteti olan Rusiya Prezident Akademiyasının fəxri professorudur. O, Beynəlxalq İdarəetmə Kafedrasının müdiridir və Rusiya, Makedoniya, İordaniya, Amerika Birləşmiş Ştatlarında filialları olan "Preparing Global Leaders Foundation" beynəlxalq idarəetmə üzrə təlim proqramının rəhbəri vəzifəsində çalışır. S. Potolikkio İndianapolis Universiteti, Luqar Akademiyasının baş məruzəçisi, Corctaun və Nyu York Universitetlərinin fəxri professorudur.

S. Potolikkio Corctaun "Global Visiting Student Program"-ın elmi rəhbəri və Serbiya, Bolqarıstan, Xorvatiya, Macarıstan proqramlarının təsisçisi və müəllimidir. O, 20-dən çox ölkədə yüksək siyasi rəsmilərə, iri sahibkarlar və hökumət nümayəndələri, o cümlədən, Yaxın Şərq, Balkanlar və Şərqi Avropada fəaliyyət göstərən icraçı direktorlar, deputatlar, yüksək vəzifəli şəxslər üçün məsləhətləşmələr təşkil edir.

Potolikkio "The Princeton Review" tərəfindən 2012-ci ilin “Best Professors in America” (Amerikanın ən yaxşı professorları) mükafatına layiq görülüb və bu sahə üzrə seçilmiş yeganə şəxsdir. O, Corctaunda bir sıra akademik mükafatlara, eləcə də, 2011-ci ildə Amerika ali təhsilinin gələcək liderlərindən biri kimi Amerika Kolleclər və Universitetlər Assosiasiyası tərəfindən "The K. Patricia Cross Award" mükafatına layiq görülüb.

O, Konqres Kitabxanasında, "Open World Leadership" proqramının Amerika Federalizmi fənni üzrə rəsmi məruzəçisidir. Burada o, hər həftə post-Sovet ölkələrinin yüksək vəzifəli şəxsləri ilə söhbətlər aparır. S. Potolikkionun kitabının Din və Siyasət haqqında olan bölmələri "Congressional Quarterly Press" və "Oxford University Press" nəşrlərində çap edilmişdir. 30 ölkənin 100-dən artıq universitetində, o cümlədən, Oksford, Kembric və Bolonyada təntənəli açılış mərasimlərində başlıca mövzulara dair çıxışlar edib.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi