Yuxarı

​I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə cəlb olunmuş tələbələrin sayı açıqlanıb

Oyunların açılış və bağlanış mərasimlərində 5 612 tələbə iştirak edəcək

Bakı. 11 iyun. REPORT.AZ/Azərbaycanın ali məktəb və kolleclərinin 17 859 tələbə könüllülərindən 5 612 nəfəri “Bakı 2015” I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində, 12 247 nəfər əməliyyat könüllüləri isə Avropa Oyunları ilə bağlı digər tədbirlərdə iştirak edəcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2015-ci ilin martından fəaliyyətə başlamış “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və biliklərin praktikada tətbiqi, eləcə də idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir: "Ötən gün “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə “SABAHFest” adlı festival keçirilib.

Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş “SABAHFest” adlı festival musiqili-interaktiv üslubda keçirilib. Festivalda Avropa Oyunlarının ulduz səfirləri – tanınmış teleaparıcı Murad Dadaşov və əməkdar artist Tünzalə Ağayeva ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib.

Tədbirdə tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına biletlər qazanıblar.

“SABAH-ın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələrinin qalibləri Ramal Vəliyev və Humay Cavadzadəyə diplom və hədiyyələr təqdim olunub".

Xatırladaq ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi