Yuxarı
    Bağlamaq

    ​Gülbəniz Babaxanlı: "Hüseyn Cavid bir təsadüf nəticəsində mart soyqırımının pəncəsindən qurtulub"

    Hüseyn Cavidin Ev Muzeyində 31 mart - Azərbaycanlıların soyqırım gününə həsr olunmuş anım tədbiri keçirilib

    Bakı. 31 mart. REPORT.AZ/ AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. "Report" xəbər verir ki, tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü barədə iştirakçılara məlumat verib.

    O qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verilib, ulu öndər tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edib: "Bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir".

    1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olduğunu deyən muzey direktoru bildirib ki, qaniçən cəlladlar H.Cavidi və onunla bərabər "Təbriz" mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarıb: "Yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. Hüseyn Cavid bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib".

    Tədbirdə, həmçinin Muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva və başqaları çıxış edib.

    Sonda muzeyin ekspozisiyasında hazırlanmış 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş foto sərgi və slayd nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi