AMEA Rəsədxanası: "Hazırda Günəşin səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə olunur"

AMEA Rəsədxanası: "Hazırda Günəşin səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə olunur" Elçin Babayev: "Geomaqnit qasırğası proqnozu özünü növbəti dəfə doğrultdu"
Elm və təhsil
5 Noyabr , 2015 13:31
AMEA Rəsədxanası: Hazırda Günəşin səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə olunur

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bir neçə gün əvvəl geomaqnit həyəcanlaşmalarının artacağı və müəyyən səviyyəli geomaqnit qasırğasının yaranacağı haqda proqnoz özünü doğruldub. Noyabrın 2-də başlayan geomaqnit həyəcanlanması ayın 3-də qasırğaya çevrilib, 4 noyabr tarixində də davam edən orta səviyyəli G1 sinifli (maksimum G5 olur) qasırğa noyabrın 5-də səngiməyə başlayıb". Bunu "Report"a açıqlamasında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, bu günlər ərzində əsas geomaqnit indekslərindən biri olan Kp indeksi 5-ə çatıb (maksimum 9 olur və adətən nadir hallarda baş verir) və yuxarı en dairələrində gözəl təbiət hadisəsi olan qütb parıltısı – avrora borealis müşahidə olunub: "Geomaqnit həyəcanlanmasına və qasırğaya səbəb isə açıq maqnit qüvvə xətlərinə malik Günəşdəki növbəti tac dəliyindən (coronal hole) öz başlanğıcını götürən yüklü zərrəciklərdən ibarət plazma küləyi olub. Yer kürəsi tədricən Günəşdən "əsən" yüksək sürətli plazma küləyinin "ağuşundan" çıxdığından, geomaqnit həyəcənlaşması getdikcə zəifləyir".

Rəsədxana rəsmisi onu da qeyd edib ki, noyabrın 4-də Günəşdəki 2445 nömrəli aktiv regionda (AR) baş verən M-sinifli Günəş alışmasından sonra tac plazma kütləsi atılıb və zəif R1 sinifli radio sönməsi (radio blackout) müşahidə olunub: "Hazırda Günəşin səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə olunur. 2443 nömrəli aktiv region çox böyük və geoeffektiv mövqeyə malik olduğundan (Günəşin görünən diskinin mərkəzində yerləşdiyindən), baş vermə ehtimalı 60 % olan M-sinifli alışmalar baş verdiyi təqdirdə onların Yerə təsiri daha çox olacaq. Digər tərəfdən, planetlərarası maqnit sahəsi müvəqqəti olaraq cənub istiqamətini göstərir və Günəş küləyinin sürəti normadan bir az yüksəkdir (520 km/san). Bunların hər ikisi əlverişli olmayan faktlardır və zəif geomaqnit həyəcanlaşması bu gün də davam edəcək. Hazırda Kp-nin qiyməti 2-yə bərabərdir (zəif həyəcanlaşma)". 

Son xəbərlər

Orphus sistemi