Hakimlərin Seçki Komitəsi hakimliyə qəbul üçün test imtahanı keçirəcək

Hakimlərin Seçki Komitəsi hakimliyə qəbul üçün test imtahanı keçirəcək İmtahanda 806 namizədin iştirakı nəzərdə tutulur
Elm və təhsil
8 İyun , 2016 16:12
Hakimlərin Seçki Komitəsi hakimliyə qəbul üçün test imtahanı keçirəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Hakimliyə namizədlərlə test imtahanı iyunun 9-da vahid auditoriyada – Bakı Kristal Zalının Mətbuat Mərkəzində keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) “Report”a verilən məlumata görə, hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Hakimlərin Seçki Komitəsindən (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etməlidirlər.

İmtahanda 806 namizədin iştirakı nəzərdə tutulur. İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda gəlməlidirlər.

Test tapşırıqları bilavasitə imtahan keçirilən zalda müşahidəçilərin, mətbuat nümayəndələrinin, namizədlərin iştirakı ilə təsadüfi yolla - lototron vasitəsilə Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış test sualları bankından seçiləcək və yerindəcə namizədlərin sayına uyğun çoxaldılacaq.

Sual kitabçası 100 test tapşırığından ibarətdir və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. Cavab kartlarının emalı imtahan başa çatdıqdan dərhal sonra imtahan zalında həyata keçirilir və nəticələr elan edilir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

Müvəffəqiyyət əldə edən namizədlər imtahanının sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetirməlidirlər. Daha sonra namizədlərlə şifahi müsahibə həyata keçirilir və tələb olunan şərtləri ödəmiş namizədlər tədris kurslarına göndərilir. 

Yekunda yenidən müsahibə olur və Hakimlərin Seçki Komitəsinin rəyinə əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədləri vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə Prezidentə təqdim edir. 

Son xəbərlər

Orphus sistemi