Yuxarı
    Bağlamaq

    Gürcüstanda Azərbaycandilli məktəb qəzalı vəziyyətə düşüb və bağlanmaq təhlükəsi ilə üzləşib

    Dinlə
    © Report

    Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yığcam yaşadığı Muğanlı kəndinin ictimai məktəbi bağlanmaq təhlükəsi ilə üzləşib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, buna səbəb məktəb binasının acınacaqlı vəziyyəti və orada təhsil almaq üçün normal şəraitin olmamasıdır.

    Məlumata görə, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

    Təhsil ocağı 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada valideyn və müəllimlərin köməyi ilə iki dəfə yalnız xırda təmir işləri həyata keçirilib.

    Məktəbin mərtəbələrində tavan və divarlar uçub, əksər pəncərələrin şüşələri sındığından onlar taxta və dəmir parçalarla əvəz olunub. Əksər sinif və dəhlizlər elektrik xətləri sıradan çıxdığından işıqla təmin olunmur. Məktəbin təhsilə yararsız olması məktəblilərin davamiyyətinə mənfi təsir göstərir.

    Məktəbdə istilik sistemi yoxdur və qış fəslində siniflər odun sobası ilə isidilir. Bu da siniflərdə güclü tüstü yaratdığından, dərslər yarımçıq qalır.

    Şagirdlərin valideynləri və müəllimlər Gürcüstanın aidiyyatı qurumlarına məktəbin təmir olunması ilə bağlı bir neçə dəfə müraciət etsə də, müraciətlər nəticəsiz qalıb.

    Onların sözlərinə görə, məktəb binası yararsız olduğundan şagirdlər digər ətraf məktəblərə üz tuturlar və bu da Muğanlı məktəbinin bağlanmasına gətirib çıxara bilər.

    Məktəbin direktoru Şirvan Zeynalov jurnalistlərə bildirib ki, məktəblərin təmiri və tikintisi məsələsi bu yaxınlarda rayon bələdiyyələrinin səlahiyyətlərinə daxil edilib: “Rayon rəhbərliyindən bildirilib ki, məktəbin 2019-cu ildə təmir olunması planlaşdırılıb və bu məsələ bələdiyyənin büdcəsinə daxil ediləcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi