Yuxarı

Gürcüstan ali məktəblərində 3 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır

Gürcüstan ali məktəblərində 3 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır
Azərbaycanlıların böyük bir hissəsi özəl universitetlərdə oxuyurlar

Tbilisi. 26 mart. REPORT.AZ/ Bu gün Gürcüstanın dövlət özəl institutlarında 10 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Onların da 3 minə yaxını Azərbaycan vətəndaşlarıdır.

“Report”un Gürcüstan bürosu bununla əlaqədar araşdırma aparıb. Məlum olub ki, azərbaycanlıların böyük bir hissəsi özəl universitetlərdə oxuyurlar.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2017-2018-ci tədris ilində azərbaycanlıların sayı 2691 nəfər olub. Lakin, Gürcüstan Boloniya təhsil bəyannaməsinə (Avropa ali təhsil məkanı bəyannaməsi) qoşulduğu üçün xarici tələbələrin qəbulu yanvar da həyata keçirilib və Azərbaycan vətəndaşlarının sayının artdığı istisna edilmir.

Azərbaycan vətəndaşlarının 500-ü Gürcüstanın dövlət, qalanı isə özəl ali məktəblərində ali təhsil alırlar.

Gürcüstanın Təhsil və İdman Nazirliyi və Tələbə Qəbulu üzrə Ali Attestasiya Komissiyası xarici ölkə vətəndaşlarının təhsilini və universitetlərin fəaliyyətini daim diqqətdə saxlayır. 2017-ci ilin sonlarında iki özəl universitetin (özəl tibb və özəl sosial ixtisas üzrə universitetlər) akkreditasiyası ləğv olunub. Təhsildən yayınan və imtahanlardan qeyri-kafi qiymətlər alan 200-ə yaxın xarici tələbənin statusu dayandırılıb. Tələbələrin sırasında Azərbaycan vətəndaşıları da var.

İ.Cavaxişvili adına Tbilisi Dövlət, Tbilisi Texniki, Gürcüstan Tibb, Gürcüstan Pedaqoji və digər dövlət universitetlərində təhsil alan tələbələrlə bağlı ciddi problem yoxdur. Dövlət universitetlərində gürcü və tədris üçün tələb olunan digər dilləri bilməyən tələbələr üçün bir illik hazırlıq kursları təşkil olunub. Onlar bu kursu bitirdikdən sonra ali təhsilə buraxılırlar.

Hazırda nazirlik və komissiya Tbilisi Açıq Universiteti, Tbilisi Humanitar Universiteti, Qafqaz Beynəlxalq Universiteti və digər özəl universitetlərdə yoxlamaları davam etdirir. Təkcə 2018-ci ilin ilk iki ayında 100-dən çox tələbənin statusu ya müvəqqəti, ya da tam dayandırılıb. Buna səbəb tələbələrin imtahanlardan qeyri-kafi qiymət almaları və tədris dilini zəif bilmələri olub. Tbilisi Humanitar Universitetində tələbələr üçün pulsuz dil kursları təşkil olunub. Digər universitetlərdə də bu istiqamətdə iş aparılır.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanın ali məktəblərində on mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunların 4 mindən çoxu Hindistan vətəndaşlarıdır. 2017-2018-ci ildə Gürcüstan ali məktəblərinə qəbul olan xarici tələbələrin sayı 2016-2017-ci tədris ilində qəbul olunanların sayından 2 min nəfər çoxdur.

Gürcüstandakı xarici tələbələrin 7 mindən çoxu tibbi və sosial, 2 mindən çoxu humanitar və incəsənət, qalanları isə tikinti və sənaye istehsalı sahələri üzrə təhsil alırlar.

Gürcüstan 2006-cı ildə Boloniya təhsil sisteminə qoşulub. Xarici tələbələr də Gürcüstanda bakalavr, magistr və doktorluq dərəcəsi üzrə gürcü, ingilis, rus, alman və fransız dillərində tibb, hüquq, iqtisadiyyat, biznes, filologiya və digər istiqamətlər üzrə təhsil ala bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi