Goranboyda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

Goranboyda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib Goranboy. 14 fevral. REPORT.AZ/ Goranboy rayonunun Yeni Yol kənd orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri” mövzusunda görüş keçirilib.
Elm və təhsil
14 Fevral , 2019 19:12
Goranboyda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

Goranboy. 14 fevral. REPORT.AZ/ Goranboy rayonunun Yeni Yol kənd orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri” mövzusunda görüş keçirilib.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov çıxışında belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır: "Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir".

R.Qədirov yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasını onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olduğunu deyib: "Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir. Gənclərin narkotik vasitələr haqqında yetərli informasiyaya malik olmaması, onun təhlükəsini başa düşməməsi, lazımi dərəcədə qiymətləndirilməməsi nəticə etibarilə ömürlük asıllıq yaradır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür".

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi