Geomaqnit qasırğası baş verib

Geomaqnit qasırğası baş verib "Son günlər metereoloji şəraitdə də müəyyən qədər dəyişmələr olduğunu nəzərə alsaq, o zaman vəziyyətin elə də ürəkaçan olmadığını deyə bilərik"
Elm və təhsil
16 İyul , 2015 15:56
Geomaqnit qasırğası baş verib

Bakı. 16 iyul. REPORT.AZ/ "Günəşin səthində hazırda nisbi sakitlikdir və orada cəmi 4 günəş ləkəsi müşahidə olunur. Onlar heç də güclü günəş ləkələri sayılmır, yəni nəzərəçarpacaq alışma generasiya etməyə qadir deyillər". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, iyulun 13-də baş verən geomaqnit qasırğasının səbəbi Günəş küləyinin yüksək sürəti ilə bağlı olub. E.Babayev bildirib ki, Günəş küləyinin sürətinin artması və bu plazma küləyinin Yerin maqnit sahəsi ilə təmasda olması maksimumu 5-ə bərabər olan şkala ilə götürülsə, yalnız G-1 sinfinə mənsub geomaqnit qasırğası yaradıb: "Əslində G-1 sinfinə mənsub geomaqnit qasırğasına orta səviyyəli kimi baxmaq olar. Amma bu dəfə heliogeofiziki şərait elə olub ki, güclü qütb parıltıları da baş verib. Bu o qədər güclü olub ki, hətta orta en dairələrində belə müşahidə edilib. Məsələn, Amerikanın Nebraska ştatından da xəbər gəlib ki, bu en dairələrində qütb parıltısı müşahidə olunub. Adətən, qütb parıltıları şimal en dairələrindəki ölkələrin ərazisindən müşahidə edilir".

Hazırda Günəşin səthində tac dəliklərinin olmadığını deyən direktor müavini əlavə edib ki, adətən, adətən yüksək sürətli Günəş küləyi öz başlanğıcını tac dəliklərindən götürür: "Yəni, bu dəfə Günəşdən daim "əsən" küləyin yüksək sürətə malik olması geomaqnit qasırğasının baş verməsinə səbəb olub. İyulun 13-də 9 ballıq şkala üzrə əsas geomaqnit indeksi olan Kp indeksinin qiyməti 5-ə çatıb. Hazırda bu indeksin qiyməti stabilləşib".

E.Babayev qeyd edib ki, adətən, geomaqnit qasırğaları texnoloji və bioloji sistemlərə təsir edir: "Bioloji sistemlər sırasında isə risk qrupuna daxil olan insanları misal çəkmək olar. Risk qrupuna ürək-qan damar sistemindən əziyyət çəkən xəstələr, ahıllar və uşaqlar daxildir. Bu zaman əsəb gərginliyi artır, halsızlıq, kəskin baş ağrıları müşahidə olunur. Nəzərə alsaq ki, son günlər metereoloji şəraitdə də külək və atmosfer təyziqində müəyyən qədər kəskin dəyişmələr olub, o zaman vəziyyət elə də stabil deyil. Ümumilikdə götürdükdə isə, funksional sağlam insanlar üçün heç bir narahatçılığa əsas yoxdur. Çünki geomaqnit qasırğaları hər zaman baş verən təbiət hadisələrindən biridir".

Onun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, baş verən qasırğalar heç də Günəşdəki alışmalarla əlaqəli olmur: "Son 6 ayda 2 dəfə çox güclü geomaqnit qasırğası olub ki, onlardan biri Günəşin 11-illik periodla dəyişən aktivliyinin son tsiklinin ən güclülərindən biri olub". 

Son xəbərlər

Orphus sistemi