Yuxarı

Gənclər təşkilatı inklüziv təhsil üzrə yeni proqramlara başlayır

Yaradılmış İnklüziv Təhsil Mərkəzində fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi bölmələr fəaliyyət göstərir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi" növbəti (2015-2016) tədris ilində yeni proqramlara start verib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən bildirilib.

Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarovanın sözlərinə görə, regionlarda fiziki məhdudiyyətləri olan uşaqların çoxu məktəbəqədər hazırlıq kursları keçə bilmədiyi üçün məktəbə götürülmür. Yaradılmış İnklüziv Təhsil Mərkəzinin məhz belə uşaqlar üçün xüsusi bölmələri fəaliyyət göstərir. Mərkəzdə məktəb proqramının mənimsənilməsindəki çətinliklər və psixoloji problemlər müəllim-psixoloqların köməyi ilə müşayiət olunaraq uşaqlar kütləvi məktəbə keçidə hazırlanır. İbtidai səviyyədə göstərilən fəaliyyət uşaqlara məlumat verməkdən yox, onlara bunu necə mənimsəməyi öyrətməkdən ibarətdir: "Bu qaydanı əsas tutaraq, həyata keçirdiyimiz bütün proqramlar uşaqların təhsilə cəlb edilməsi istiqamətində ev və məktəb arasında əlaqəli sistem yaratmağa xidmət edir. Beləliklə, müxtəlif səbəblərdən uşaqların təhsildən yayınması probleminin həllinə kömək göstərmiş oluruq. Mərkəzdə psixoloq və loqoped xidmətləri, habelə həyata keçirilən bütün proqramlar valideynlərə müəllim və şagirdlərlə birlikdə çalışmaq imkanı yaradır. Əlilliyi olan uşaqlar üçün proqramların fərqli cəhəti ondan ibarətdir ki, proqrama qəbul valideynin istəyinə əsasən aparılır və tədris planı, təlimin norma və metodları fərdi xüsusiyyətlərə uyğunlaşdırılmaqla tərtib edilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi