Gəncədə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib

Gəncədə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib Bakı. 3 iyun. REPORT.AZ/ Gəncədə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib.“Report” xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin He...
Elm və təhsil
3 İyun , 2016 21:05
Gəncədə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Gəncədə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib.

“Report” xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin Heydər Əliyev Mərkəzində təşkil etdiyi tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə Şəhər İcra Hakimiyyətinin isə təşkilati dəstəyi ilə baş tutub.

Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə Forumun məqsədi barədə məlumat verərək bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bütün region gənclərinə, o cümlədən Gəncədə yaşayan, eləcə də bu şəhərin ali və orta ixtisas məktəblərində təhsil alan bütün gənclərə müsbət təsirini göstərib: "Əminliklə deyə bilərik ki, region gəncləri intellektual səviyyəsinə, dünyagörüşünə və digər göstəricilərinə görə nəinki paytax gənclərindən, hətta qabaqcıl ölkələrdəki həmyaşıdlarından geri qalmırlar. Onlar arasında xarici ölkələrdə təhsil alanların, müxtəlif beynəlxalq yarış və müsabiqələrdə yüksək nəticə göstərənlərin sayı çoxdur. Təbii ki, bu forum uğurlarımızı qeyd etməklə yanaşı, eyni zamanda, problemlərimizi, reallaşdırmaq istədiyiniz təşəbbüslərin gerçəkləşdirilməsini müzakirə etmək baxımından əhəmiyyətlidir."

“Davos” formatında keçirilən forumda Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. O deyib ki, Azərbaycan Avropanın nadir ölkələrindəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərd olaraq gənclərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, 70 faiz isə 16-29 yaşlı fərdi şəxslərə məxsusdur. Region gəncləri də bütün müsabiqələrdə çoxluq təşkil edir və Gənclər Fonduna maraqlı təşəbbüslərlə müraciət ünvanlayırlar. O.Ərəbov gələcəkdə də onlardan maraqlı təşəbbüslərin irəli sürüləcəyinə əminliyini bildirib.

Gəncə şəhər Gənclər və İdman İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına məlumat verib.  O bildirib ki, müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Ötən il dövlətimizin başçısı İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq olunub. Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə obyektlər fəaliyyət göstərir. Son illər ölkəmizdə 40-dək gənclər evi tikilib. Onlardan biri də Gəncə şəhərində fəaliyyət göstərir. Bu ev də digərləri kimi, region gəncləri üçün ən böyük imkan və stimuldur.

Daha sonra iştirakçılar fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb. Forumda bəzi gənclər yeni təşəbbüslər səsləndiriblər.

Forumun moderatoru A.Həsənzadə söyləyib ki, səsləndirilən təkliflər və fikirlər bir daha təhlil ediləcək, səmərəli təşəbbüslərin reallaşdırılması üçün yaxın zamanda “ideya yarmarkası” təşkil olunacaq. Layihənin yalnız Forumla yekunlaşmayacağı, bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyi də diqqətə çatdırılıb.

Forumun sonunda bir qrup fəal gəncə, KİV-lərə, yerli gənclər və idman idarəsinə diplomlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi