AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı dinlənilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı dinlənilib Şuraya açıq səsvermə yolu ilə yeni üzvlər seçilib
Elm və təhsil
30 Yanvar , 2015 13:27
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı dinlənilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2014-cü il üzrə I hesabat-seçki konfransı keçirilib. "Report" xəbər verir ki, tədbiri Şuranın sədri Famin Salmanov açaraq hesabatı təqdim edib.

Sədr bildirib ki, Şuranın Akademiyaya bağlı 42 təşkilatında yerli eyniadlı şuraları və ümumilikdə 3 000-ə yaxın üzvü var: "AMEA prezidenti Akif Əlizadə tərəfindən Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmaq üçün kompleks tədbirlərə start verilib. Eyni zamanda, Prezident yanında Elmin İnkişafı Fondu, Gənclər Fondu və SOCAR-ın Elm Fondu ilə əməkdaşlıq gənc alimlərin tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə xidmət edir".

O, həmçinin qeyd edib ki, Şura üzvlərinin elmi nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılması, elmin təbliği, eləcə də Şuranın fəaliyyətinin KİV-də işıqlandırılması təmin edilib.

Çıxışdan sonra bir neçə gənc çıxış edərək hesabatla bağlı öz fikirlərini bildiriblər.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Şuranın yaradılmasını mühüm hadisə hesab etdiyini deyib: "Qısa müddətdə intellektual gəncliyin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində müsbət dəyişikliklər baş verir. Elmin təbliğində, innovativ koordinasiyada, beynəlxalq əlaqələr istiqamətində gənc alimlərin həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir".

O, təşkilatın fəaliyyətini və nazirliklə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin Şura ilə əlaqələrin daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini deyib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə hesabatı müsbət dəyərləndirib. O, akademik dövlət gənclər siyasəti və AMEA-da intellektual gəncliyin formalaşdırılmasından və bu istiqamətdə görülən işlərdən danışıb.

Cari ildə AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini xatırladan A.Əlizadə Akademiyanın gələcək uğurlarının gənclərin elmə yanaşmasından, dünyanın qabaqcıl elmi təcrübələrini mənimsəmə və inkişaf etdirilməsindən asılı olduğunu deyib.

Tədbirin sonunda Şuraya açıq səsvermə yolu ilə yeni üzvlər seçilib.

Son xəbərlər

Orphus sistemi