Yuxarı

Gələn il inklüziv təhsil Bakının dörd məktəbində tətbiq olunacaq

Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə əmr imzalayıb.

“Report”un xəbərinə görə, məqsəd əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasının davamlılığını təmin etməkdir.

Əmrə əsasən, 2016-2017-ci tədris ilində inklüziv təhsilin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan dörd ümumtəhsil məktəbində tətbiqinə dair Fəaliyyət Planı təsdiq edilməli, 2016-2017-ci tədris ilində Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən edilməlidir.

Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə tapşırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot seçilmiş məktəblərə göndərilməsini və həmin məktəblərdə loqopedik xidmətin yaradılması təmin edilməlidir.

Əmrin icrasına nəzarət təhsil nazirinin müşavirinə (Ə.Zeynalov) həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi