Gələn ay müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayacaq

Gələn ay müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayacaq Müsabiqə 4 mərhələdə təşkil edilir
Elm və təhsil
20 İyun , 2017 14:31
Gələn ay müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayacaq
Report.az

Bakı. 20 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyulun 1-14-də elektron ərizələrin qəbulu həyata keçiriləcək.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

E.Bağırov qeyd edib ki, mayın 26-30-da müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, iyunun 8-12-də isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.

Qeyd olunub ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə və sosial statusun bütün parametrləri nəzərə alınmaqla həyata keçirilib. Proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırıb və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edib. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrup tərəfindən dəyərləndirilərək müvafiq qərar qəbul edilib. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Yerdəyişmə müəllimin ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilib. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi