Yuxarı

GDU-da “Beynəlxalq Frankofoniya bayramı” qeyd olunub

GDU-da “Beynəlxalq Frankofoniya bayramı” qeyd olunub
Tədbirdə bir sıra şəxslər iştirak edib

Bakı. 23 aprel. REPORT.AZ/ Gəncə Dövlət Universitetinin (GDU) Xarici dillər fakültəsinin fransız dili ixtisasının tələbələri “Beynəlxalq Frankofoniya bayramı”nı qeyd ediblər.

Universitetdən "Report"a verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə GDU-nun rektoru Yusif Yusibov, universitetin prorektorları, professor-müəllim heyəti, fransalı qonaqlar, tələbələr, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Fransanın Dövlət Himnləri səsləndirilib.

Rektor Y. Yusibov Azərbaycanla Fransa arasında uzun illərdən bəri siyasi, iqtisadi və mədəni sahələrdə yaranan geniş əlaqələrdən danışıb. Bildirib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Gəncə şəhərində keçirilən ənənəvi şərab festivalları da Azərbaycan-Fransa əlaqələrinə nümunədir.

Qeyd olunub ki, 1999-cu ildən Gəncə Dövlət Universitetində fransız dili ixtisası fəaliyyət göstərir. 16 tələbə ilə fəaliyyətə başlayan ixtisas üzrə hazırda 113 tələbə təhsil alır, fransiz dili kafedrasında 11 müəllim çalışır.

Azərbaycanda Fransa Mədəniyyət Mərkəzinin icraçı direktoru Moris Rüfin bildirib ki, iki ölkə arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli olmaqla mütəmadidir. Buna görə də Fransa Mədəniyyət Mərkəzi tərəfindən fransız dilinin inkişafına xüsusi önəm verilir. Mərkəzdə fəaliyyət göstərən dil kurslarına gənclər cəlb edilir.

Tədbirdə Azərbaycan-Fransa əlaqələrinə, dostluq və həmrəylik münasibətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Mərasimin bədii hissəsində tələbələr fransız dilində mahnılar ifa edib, səhnələşdirdikləri “Ulduz” tamaşasını göstəriblər.

“Beynəlxalq Frankofoniya Bayramı” “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi