Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub Fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 apreldə keçiriləcək
Elm və təhsil
29 Mart , 2016 08:33
Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Bakı. 29 mart. REPORT.AZ/ Təhsil Nazirliyinin ölkənin bütün şəhər və rayonlarında keçirdiyi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271, humanitar fənlər üzrə 415 şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) əldə edə bilərlər.

Final mərhələsində şagirdlər iki qrup üzrə biliklərini sınayacaqlar. Belə ki, X və XI siniflər yuxarı yaş qrupu kateqoriyasında, IX və xüsusi istedadı ilə seçilən daha aşağı sinif şagirdləri isə aşağı yaş qrupu kateqoriyasında eyni materiallar üzrə sualları cavablandıracaqlar.

Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.

Fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 aprel, humanitar fənlər üzrə isə 22-24 aprel tarixlərində keçiriləcək. Final mərhələsinin ilk günü qeydiyyat və açılış mərasimi, ikinci günü - final mərhələsi, üçüncü günü isə nəticələrin elanı və apelyasiya olacaq.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə 27 500-dən çox şagird iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi