Təhsil Nazirliyinin rəsmisi: "Fənn olimpiadaları ilə sınaq imtahanları fərqli anlayışlardır"

Təhsil Nazirliyinin rəsmisi: "Fənn olimpiadaları ilə sınaq imtahanları fərqli anlayışlardır" Aprelin 18-20-də Bakıda respublika fənn olimpiadalarının final mərhələsi baş tutacaq
Elm və təhsil
17 Aprel , 2015 11:48
Təhsil Nazirliyinin rəsmisi: Fənn olimpiadaları ilə sınaq imtahanları fərqli anlayışlardır

Bakı. 17 aprel. REPORT.AZ/ "Bəzən istər valideynlər, istər müəllim, istərsə də şagirdlər arasında anlaşılmazlıq olur ki, uşaqlar TQDK-nın keçirdiyi sınaq imtahanlarında yüksək nailiyyətlər əldə etsələr də, respublika fənn olimpiadasının hansısa mərhələsində həmin nəticəni göstərə bilmirlər. Əslində, fənn olimpiadaları ilə sınaq imtahanları fərqli anlayışlardır". "Report" xəbər verir ki, bunu jurnalistlərə Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev deyib.

Onun sözlərinə görə, olimpiadalardakı suallar məktəb proqramlarına uyğun olsa da, daha çətin və dərinləşdirilmiş, eləcə də spesifik şagirdləri seçmək məqsədi ilə hazırlanır: "2014-2015-ci tədris ili üçün respublika fənn olimpiadalarının keçirilməsi ilə əlaqədar yeni qaydalar təsdiq edilib. Burada əsas məqsəd məktəblər arasında istedadlı gəncləri aşkar etmək, onların potensiallarının artırılması və istedadlarını nümayiş etdirmək imkanları, eləcə də şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılmasıdır. Yeni qaydalara əsasən, olimpiada  3 - rayon müsabiqəsi, yarımfinal turu və final mərhələsində keçirilir. Yanvardan proses davam edir".

Nazirlik rəsmisi qeyd edib ki, olimpiadanın ilkin mərhələsində ölkə üzrə 22 min şagird iştirak edib: "Onların arasından yarımfinala ən yaxşı 4000 şagird, mart ayındakı zona mərhələsindən isə ən yaxşı 480 nəfəri seçdik. Aprelin 18-20-də Bakıda respublika fənn olimpiadalarının final mərhələsi baş tutacaq. Olimpiada 8 fənn üzrə keçirilir. Burada texniki və humanitar fənlər yer alır. Olimpiadadan uğurla keçən şagirdləri beynəlxalq olimpiadalarda iştirakını təmin edəcəyik. Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən, respublikanın öndə gələn professor və müəllim heyətindən ibarət münsiflər heyəti yaradılıb".

O, əlavə edib ki, builki fənn olimpiadasında əsas dəyişikliklərdən biri şagirdlərin final mərhələsində imtahanlardan çıxdıqdan sonra onlara sualların həlləri və qiymətləndirmə meyarlarının paylanılmasıdır: "Şagirdlər nəticələr açıqlanana qədər öz yazıları ilə tanış olacaq, həm də bir gün sonra münsiflər heyəti ilə birlikdə nəticələrin təsdiqi müzakirəsini apara biləcəklər. Nəticədən narazı olan şagirdlər münsiflər heyətinin qarşısına oturaraq öz yazdıqlarını müdafiə edə biləcəklər. Digər dəyişiklik isə final mərhələsində iştirak edəcək 480 şagirdin 240 nəfərinin I,II, III yerlərlə təltif olunmasıdır. Sual ortaya çıxa bilər ki, 480 nəfərin yarısı medal almış olacaq. Qeyd edək ki, 480 nəfər 22 min arasından seçilib. Həmçinin final mərhələsinin nəticələrinə əsasən, 8 fənnin səkkizindən də birincilərin birincisi nominasiyasını təyin etmişik ki, həmin fənlərin hamısından yüksək nəticə əldə edən şagirdə xüsusi mükafat verək". 

Son xəbərlər

Orphus sistemi