Yuxarı

İmtahanlar zamanı ən çox hansı fənn müəllimlərinin qayda pozuntusu etdiyi açıqlanıb

Qayda pozuntusuna yol verən nəzarətçilərin ümumi sayı 262 nəfər, ciddi qayda pozuntusuna yol verənlərin sayı isə 61 nəfərdir

Bakı. 11 fevral. REPORT.AZ/ "2014-cü ildə qəbul imtahanında nəzarətçi kimi qayda pozuntusuna yol verənlərin 25,1%-i ana dili və ədəbiyyat, 11,6%-i riyaziyyat, 10,8%-i tarix müəllimləridir. 2013-cü ildə isə 33,6%-i ana dili və ədəbiyyat müəllimləri, 9,9%-i ingilis dili müəllimləri, 9,6%-i riyaziyyat müəllimləri, 2012-ci ildə 19,2%-i riyaziyyat, 16,1%-i ana dili və ədəbiyyat, 15,3%-i tarix müəllimləri olub. Bu baxımdan, 2011-ci ildə "I yeri" 24,2%-lə, 2008-də 24,3%-lə, 2010-da isə 18,3%-lə ana dili və ədəbiyyatı müəllimləri, 2009-cu ildə isə 20,9 %-lə riyaziyyat müəllimləri tutub". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə son 7 ildə müəllimlərin yol verdikləri qayda pozuntularını müqayisə edərkən deyib.

Onun sözlərinə görə, 2010, 2011, 2013 və 2014-cü illərdə qəbul imtahanlarında iştirak edən ana dili və ədəbiyyat müəllimlərinin sayının nəzarətçilərin ümumi sayının kiçik bir hissəsini təşkil etməsinə baxmayaraq, yol verilən qayda pozuntularının böyük bir hissəsi onların payına düşüb: "Təhlil göstərir ki, ana dili və ədəbiyyat, idman, əmək, ibtidai sinif, ingilis dili ixtisaslı nəzarətçi müəllimlər fizika, kimya, biologiya, tarix, coğrafiya ixtisaslı müəllimlərə nisbətən qayda pozuntusuna daha çox yol verirlər. 2011-2014-cü illər ərzində idman, əmək, ibtidai sinif ixtisaslı müəllimlərin yol verdiyi qayda pozuntularında azalma müşahidə edilir. Bu azalmaya səbəb son illərdə bu ixtisas üzrə müəllimlərin bazaya əlavə edilməməsi, qayda pozuntusuna yol verənlərin prosesdən uzaqlaşdırılması və yalnız təcrübəli, bacarıqlı müəllimlərin imtahanlara cəlb olunmasıdır".

M.Abbaszadə deyib ki, qəbul imtahanlarına yeni cəlb olunan rayonların nəzarətçilərinin ilk iştirak etdiyi dövrlərdə qayda pozuntularına daha çox yol veriblər: "Gəncə (2010-cu il), Mingəçevir (2010-cu il), Şirvan (2013 və 2014-cü illər), Xaçmaz (2014-cü il) kimi şəhər və rayonların timsalında demək olar. Ümumiyyətlə, regionlar üzrə baxıldıqda Gəncə, Göyçay, Lənkəran, Şəki, Ağcabədi, Naxçıvan MR rayonlarından olan, Bakı şəhəri üzrə isə Xətai, Şuşa, Laçın, Zəngilan rayonlarından olan nəzarətçilərin qayda pozuntularına daha az yol veriblər. Qayda pozuntusuna yol verən nəzarətçilərin ümumi sayı 262 nəfər, ciddi qayda pozuntusuna yol verənlərin sayı isə 61 nəfərdir. Birdən çox imtahanda qayda pozuntularına yol verən nəzarətçi-müəllimlərin bu nəticələri vahid kodla ümumiləşdirilib. Məsələn, ardıcıl iki imtahanda orta dərəcədə qayda pozuntusuna yol verən müəllimin ümumi nəticəsi ağır kimi götürülüb. Belə hesablamaya əsasən qayda pozuntularına yol verənlərin ümumi sayı 259, ciddi qayda pozuntularına yol verənlərin sayı isə 64 nəfər olub.

2014-cü ildə I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak edən nəzarətçilər ümumi nəzarətçi sayının 49,5%-ni təşkil etdiyi halda, qayda pozuntusuna yol verənlərin 70,5%-i bu nəzarətçilərin payına düşür. I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən imtahanda bu nisbətlər arasında neqativ mənada, II və III ixtisas qrupları üzrə cari illərin məzunları üçün keçirilən imtahanda isə bu nisbətlər arasında pozitiv mənada 2 dəfə fərq nəzərə çarpır. Bu nəticə əvvəlki illərdə olduğu kimidir. Belə ki, I ixtisas qrupu üzrə abituriyent kontingentinin əksər hissəsinin oğlan, IV ixtisas qrupu üzrə isə idmançılardan ibarət olması imtahan zallarının idarə edilməsini çətinləşdirən bir amil kimi çıxış edir.

18 yaşdan kiçik abituriyentlərin yerləşdiyi zallar ümumi zal sayının 49,5%-ni təşkil etdiyi halda, bu zalların yalnız 30,7%-də qayda pozuntusu hallarına rast gəlinir. Qayda pozuntusu hallarının 69,3%-i isə digər zallarda baş verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi