Fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlar magistraturaya qəbulun ikinci mərhələsinə buraxılacaqlar

Fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlar magistraturaya qəbulun ikinci mərhələsinə buraxılacaqlar DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib
Elm və təhsil
5 Mart , 2018 17:43
Fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlar magistraturaya qəbulun ikinci mərhələsinə buraxılacaqlar
Report

Bakı. 5 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

DİM-dən "Report"a verilən məlumata görə, iclasda magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri və müsabiqə şərtləri, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının I mərhələsi, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-nın) 2019-cu ildə keçiriləcək illik konfransının Azərbaycanda təşkil olunması, son iki ay ərzində dövlət qulluğu sahəsində görülən işlər, “Dövlət qulluğu haqqında" qanunda dəyişikliklər edilməsinə dair DİM-in təklifləri, mərkəzin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib. 

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı DİM sədri M.Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə verib. 

İclasda müsabiqə şərtləri də müzakirə olunub və bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub. 

Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 bakalavr) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməmişdir. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.

M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının 1-ci mərhələsinə dair iş planını da iclas iştirakçılarının diqqətinə çatdıraraq şura üzvlərini öz istəklərinə uyğun hər hansı tədbirdə iştirak etməyə ( müşahidə etməyə) dəvət edib.

Son xəbərlər

Orphus sistemi