Yuxarı

Azərbaycanın ​Mərkəzi Elmi Kitabxanasında Britaniya təcrübəsi tətbiq olunacaq

Leyla İmanova bir qrup əməkdaşla Birləşmiş Krallığa səfər edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova bir qrup əməkdaşla Birləşmiş Krallığa səfər edib. Bu barədə "Report"a kitabxananın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi modeli MEK-in sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, onun müsbət və mənfi xüsusiyyətləri ilə tanışlıq, o cümlədən kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli yollarının araşdırılması olub.

Səfər zamanı Britaniya Kitabxanasının London və York şəhərlərində yerləşən bölmələrində bir sıra görüşlər keçirilib.

Görüşlərdə sözügedən kitabxanaların kataloq və elektron məlumat bazalarının əlaqələndirilməsi, müxtəlif formatlarda daxil olan informasiyanın qeydiyyata salınması, çap və elektron variantda nüsxələrə əlçatanlığın təmin edilməsi, kataloqlaşdırma və rəqəmsallaşdırma təcrübəsi, o cümlədən kitabxanaların fəaliyyət istiqamətləri ilə tanışlıq olub. Müasir kitabxana-informasiya xidmətinin təşkili, idarə olunması və digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti yeni kataloqlaşdırma standartını tam şəkildə təmin edən avadanlıq və proqram, müasir kitabxana idarəetmə texnologiyaları, eləcə də kitabxana strukturu və işçi heyəti üçün peşə standartları ilə tanış olublar.

Səfərdə Azərbaycanın dünyanın ən böyük ikinci kitabxanasında təmsil olunması maraqla qarşılanıb. Bundan irəli gələrək Britaniya Kitabxanasından “Milli Rəqəmsal Yaddaş” üçün ödənişli əsaslarla məlumatların əldə olunması, əməkdaşlıq şəraitində MEK-dən kitabların Britaniya Kitabxanasına göndərilməsi, Azərbaycanda qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması, kitabxana işinin müxtəlif sahələrinə dair MEK-in əməkdaşlarına təlimlərin keçirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşma əldə olunub.

Səfərdən sonra əldə edilənə həmiyyətli nəticələr və müasir kitabxana işinin təşkili təcrübəsi ilə bağlı MEK-in işçi heyəti üçün təqdimat keçirilməsi də nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi