“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib
Elm və təhsil
3 May , 2017 12:30
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Report.az

Bakı. 3 may. REPORT.AZ/ “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report”un xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu nəzərə çatdırıb: "Ulu öndərin təhsil fəlsəfəsi bu gün də öz bəhrəsini verir və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə, o cümlədən təhsildə inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir".

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların əsl vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini deyib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev bildirib ki, istedadlı uşaqları tapıb üzə çıxaran məktəbdir: “İstedadlı uşaqların aşkarlanması üçün təhsil ictimaiyyətinin üzərinə böyük iş düşür. Belə müsabiqənin keçirilməsi Heydər Əliyev irsinin şagirdlər arasında təbliği baxımından da əhəmiyyətlidir”.

Heydər Əliyev Fondunun Departament rəhbəri Soltan Məmmədov qeyd edib ki, Fond belə müsabiqələrin gələcəkdə də davamlı şəkildə keçirilməsinə dəstək verəcək: “Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev irsinin gənc nəsil tərəfindən öyrənilməsi, mili dövlətçilik ideyalarının gənc nəslə aşılanması, ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin inkişafına daim dəstək göstərir. Fond təhsilin inkişafına xidmət edən çoxlu sayda layihələr həyata keçirir”.

Digər natiqlər də ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği baxımından bu müsabiqənin rolunu vurğulayıb, qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub.

Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi