“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib
Elm və təhsil
5 May , 2016 12:16
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, deputatlar, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdən əvvəl rəhbər təhsil işçiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin uşaq xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan son döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərini təbrik edib, müsabiqənin ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı sayəsində təhsilin hərtərəfli inkişafı üçün müxtəlif proqram və layihələr uğurla həyata keçirilməkdədir.

Azərbaycanda təhsilin infrastrukturunun əsaslı şəkildə yenilənməsinə diqqət çəkən nazir son 10 ildə 3 mindən çox məktəbin inşa edildiyini və tədris ocaqlarının maddi-texniki bazasının müasir tələblər səviyyəsinə qaldırıldığını bildirib: "Həmçinin, müəllim peşəsinin nüfuzunu artırmaq üçün təsirli tədbirlər görülür, müəllimlərin bilik və bacarıqlarını təkmilləşdirməyə, zəruri inkişafyönümlü metodikaları çatdırmağa imkan verən mexanizmlər tətbiq olunur".

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müsabiqənin əhəmiyyəti haqqında fikirlərini söyləyib. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan Baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini nəzərə çatdırıb.

Sonra çıxış edənlər müsabiqə qaliblərini təbrik ediblər.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi