Yuxarı

Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqələrin şərtləri dəyişdirilib

Fond 2014-cü ildə 10 müsabiqə keçirib

Bakı. 25 aprel. REPORT.AZ/ "Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) elan etdiyi müsabiqələrin şərtləri dəyişdirilib. Elmi işçilər layihə təqdim edərkən onların bundan əvvəlki elmi fəaliyyəti dərindən araşdırılır, elmi məhsulları və gördükləri işlər daha dəqiq analiz olunur. Buna səbəb fondun artıq kompleks elmi-tədqiqat proqramlarına üstünlük verməsidir". Prezident yanında Elmin İnkişafı Fondunun icraçı-direktoru Elçin Babayev "Report"a açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, dəyişikliklər kiçik qrantların birləşdirilib böyük qrant formasında hansısa bir elmi istiqamətə ayırılmasına imkan verəcək: "Bununla da qısa zaman ərzində köklü dəyişikliyə nail olmaq üçün stimul yaratmaq mümkün olacaq. Stimul olaraq elmi işçilərə həm əmək haqqı verilir, həm onların rahatlıqla istifadə edə biləcəyi müasir avandanlıqlar, elmi cihazlar alınır, həm də onlara ezamiyyətlər verilir ki, araşdırma aparmaq üçün dünyanın istənilən ölkəsinə gedə bilsinlər".

İcraçı-direktor bildirib ki, fond ötən il on müsabiqə keçirib: "Onlar arasında gənc alim və mütəxəssislər üçün olan müsabiqə, üçüncü "Şuşa qrantı", "Sənaye qrantı", həmçinin ilk dəfə keçirilən "Universitet qrantı", üç mobillik qrantı var. Məqsəd gənc alimlərin və orta nəslin xaricdə elmi tədbirlərdə iştirakını maliyyələşdirmək və onların qısa müddətli təcrübə keçməsini təmin etməkdir. Çünki bu məsələlər maddi vəsait tələb edən işlərdir. Əksər hallarda isə bir çox təşkilatların pulu az olur. Ona görə də fond qrantlar vasitəsi ilə bu işləri maliyyələşdirir. Bununla da Azərbaycanın gənc alimlərin tanıdılmasını və elmi əlaqələrin qurulmasını təmin etmiş oluruq".

Yaxın günlərdə "Qarabağ tədqiqatları" üzrə 7-ci mobillik qrantının nəticələrinin açıqlanacağını deyən E.Babayev əlavə edib ki, burada əsas məqsəd Dağlıq Qarabağ münaqişə ilə bağlı müxtəlif ölkələrin arxivlərin araşdırmaqdır: "Bunun üçün alimlərimizi bəzi ölkələrə göndərəcəyik ki, orada işləyib yeni nəticələr ortaya çıxarıb dəlil kimi gətirsinlər".

O, həmçinin layihələrin qəbulunda yenilik olaraq ingilis dilinin əlavə olunması məsələsinə də toxunub: "Fondun elan etdiyi müsabiqəyə təqdim olunan bütün layihələr ən azı müstəqil iki ekspertin rəyindən keçir. Ölkə daxilində olan ekspertizada nəticələr kəskin fərqlənsə, o zaman həmin layihəni mütləq üçüncü ekspertə də göndəririk. Bu təqdirdə ölkə kənarında olan mütəxəssislərə müraciət edirik. Həmin layihəni ingilis dilində xaricə göndərməliyik. Layihəni əvvəl paralel olaraq rus dilində də qəbul edirdik. Lakin bu da məhdudiyyətdir. Çünki istənilən halda Avropaya layihəni rus dilində göndərmək olmur. Ona görə də layihənin həm də ingilis dilində olması vacibdir. 

E.Babayev deyib ki, fondun mülkiyyətində olan avadanlıqların monitorinqi də keçirilib: "Fond daima bu cür monitorinqlər aparır. Çünki həmin avadanlıq fondun mülkiyyəti olaraq alimlərin istifadəsinə verilib. Hətta bu işi daha effektli görmək üçün AMEA ilə birlikdə tədbirlər planı hazırlanıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi