Yuxarı

​Elmin İnkişafı Fondu 4,2 milyonluq qrant müsabiqəsi elan edib

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 27-si saat 17:00-dək qəbul olunacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü il üçün əsas müsabiqəsini elan edib. Bu barədə “Report”a Fondun mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, maddi-texniki təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, həmçinin qısa müddət ərzində modern elmi cihaz, avadanlıq və qurğularla təchiz olunma yolu ilə əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır.

Müsabiqə çərçivəsində kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin böyük maliyyə həcmli qrantlar (100 000 - 500 000 manat) və meqa qrantlar (500 000 manatdan yuxarı), fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya elmləri, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyyə həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşrinin dəstəklənməsi) üzrə kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyyə həcmli qrantların verilməsi nəzərdə tutulur.

Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 4,2 milyon manatdır.

Beynəlxalq layihələrə, həmçinin gənc alimlərin iştirak etdiyi, regionlardan təqdim olunmuş layihələrə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 27-si saat 17:00-dək qəbul olunacaq.

2014-cü il üçün əsas müsabiqənin elmi ekspertiza işi 2015-ci ilin ikinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi