Yuxarı
    Bağlamaq

    Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsi elan edib

    Layihələr iyunun 16-dan iyulun 16-dək qəbul olunacaq

    Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib.

    Fonddan "Report"a verilən məlumata görə, müsabiqə Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.

    Müsabiqədə iştirak etmək üçün layihələr iyunun 16-dan iyulun 16-sı saat 17.00-dək qəbul olunacaq.

    Müsabiqəyə yalnız avqustun 15-dən dekabrın 15-dək xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

    Müsabiqənin nəticələrinin ekspertizanın bitmə tarixindən və nəticələrin təsdiqindən asılı olaraq, iyul ayında açıqlanması planlaşdırılır.

    Elmin İnkişafı Fondunun 6-cı və 7-ci “Mobillik qrantı” müsabiqələrinin qalibi olunan, həmçinin fondun hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri 8-ci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər.

    Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində e-QRANT sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi