Elmin İnkişafı Fondu 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb

Elmin İnkişafı Fondu 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb Müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib
Elm və təhsil
16 Oktyabr , 2015 10:42
Elmin İnkişafı Fondu 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondu 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb. Fondun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.

Müsabiqəyə müvafiq elm sahələri və qrant növləri üzrə 13 layihə daxil olub, Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Qalib layihələr AMEA-nın Naxçıvan Bölməsində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Prezident yanında Strateji Araşdırmalar Mərkəzində və qeyri-hökumət təşkilatı olan "Sağlam nəsil" Tibbi Elmi-Tədqiqat Mərkəzində yerinə yetiriləcək.

Humanitar və ictimai elmlər sahəsi üzrə 4 layihə, biologiya, tibb və aqrar elmləri üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 2-si qadın, 3-ü isə kişidir.

2-si beynəlxalq olan qalib layihələrdən 4-ü fundamental-tətbiqi xarakterlidir, 1 layihə üzrə isə "Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibbi aspektləri və həyat keyfiyyəti" mövzusunda Bakıda beynəlxalq elmi konfrans keçiriləcək.

"Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası", "Ətraf mühitin təhlükəsizliyinin təminatı kontekstində Ermənistandan Azərbaycana və digər region dövlətlərinə qarşı ekoloji və hidroloji təhdidlər", "Azərbaycanın Ağdam rayonu toponimlərinin və dialektlərinin toplanılması və linqvistik təhlili", "Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində travmaya məruz qalmış insanların sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi" kimi mövzular üzrə yerinə yetiriləcək layihələr Qarabağ tədqiqatlarını daha da zənginləşdirəcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Xatırladaq ki, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Fond 2012-ci ildə "Şuşa qrantı"nı təsis edib. 3-cü "Şuşa qrantı" müsabiqəsi isə keçən ilin dekabrın 25-də elan edilib. 

Son xəbərlər

Orphus sistemi