Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib - YENİLƏNİB

Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib - YENİLƏNİB Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
14 Mart , 2017 16:07
Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib - YENİLƏNİB

*** 09:56

Bakı. 14 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nı təsdiq edib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qayda Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr və ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir.

Mərkəz dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

1. AA qrupu;

2. AB qrupu;

3. AC qrupu.

B növü - inzibati icraçı vəzifələr üzrə:

1. BA qrupu;

2. BB qrupu.

C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:

1. CA qrupu.

D növü - yardımçı texniki vəzifələr üzrə:

1. DA qrupu.

Test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq mərkəz tərəfindən müəyyən edilir.

Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi mərkəz tərəfindən təşkil edilir.

Qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları, açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları, sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar var.

Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında yerləşdirilir.

Hazırlanan qapalı tipli hər bir test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalı, test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalı, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalı, test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalı, test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

Açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir.

Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.

Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir.

Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.

Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Mərkəz və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir.

Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test imtahanının keçirilməsi məqsədi ilə Mərkəz tərəfindən imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslər müəyyən edilir.

İmtahan qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;

2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;

3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Namizəd ona ayrılmış vaxtdan istifadə etməkdə sərbəstdir.

Texniki səbəblərdən imtahanın aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan davam etdirilə və ya yenidən aparıla bilər.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Namizədin müraciəti əsasında Mərkəz tərəfindən ona imtahanın nəticəsinə dair arayış verilir.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.

Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur:

Vəzifə qrupu Vəzifə altqrupu Keçid balı (faizlə)
AA AA1 85
AA2 80
AA3 75
AA4 70
AB AB1 85
AB2 80
AB3 75
AB4 70
AC AC1 80
AC2 75
AC3 70
AC4 65
BA BA1 85
BA2 80
BA3 75
BA4 70
BB BB1 80
BB2 75
BB3 70
BB4 65
CA CA1 80
CA2 75
CA3 70
CA4 65
DA DA1 75
DA2 70
DA3 65
DA4 60

Qeyd edək ki, “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında" 2013-cü il 30 iyul tarixli qərar ləğv edilib.

Son xəbərlər

Orphus sistemi