Dövlət müşaviri: "Multikulturalizm siyasəti ölkəmizin demokratik inkişafının tərkib hissəsidir" - FOTO

Dövlət müşaviri: "Multikulturalizm siyasəti ölkəmizin demokratik inkişafının tərkib hissəsidir" - FOTO BANM-də Kamal Abdullayevlə görüş keçirilib
Elm və təhsil
1 Mart , 2016 10:43
Dövlət müşaviri: Multikulturalizm siyasəti ölkəmizin demokratik inkişafının tərkib hissəsidir - FOTO

Bakı. 1 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü və onun elmi redaktoru olduğu "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

BANM-in rektoru Elmar Qasımov Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etdyini xatırladıb: "Bu, olduqca əhəmiyyətli hadisədir. Çünki müasir dövrdə bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, bu, dünya ictimaiyyətinə, dünyaya bir çağırışdır. Ölkədə müxtəlif dini konfessiyalar əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir, onların dilinə, dininə, mədəniyyətinə xalqımız daim yüksək qiymət verir. Bu sahədə böyük işlər həyata keçirilir". 

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışaraq Azərbaycan multikulturalizminin inkişaf perspektivlərindən söz açıb: "Multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlıq isə xalq üçün demokratik dəyərə çevrildiyinin göstəricisidir". 

O, həmçinin Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətindən də danışıb: "Multikulturalizm siyasəti ölkəmizin demokratik inkişafının tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Konstitusiyada əks olunub. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik deməkdir, yəni çoxmədəniyyətli bir cəmiyyətdə bu çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşaması deməkdir".

"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı haqqında söz açan akademik Kamal Abdullayev bu kitabda klassik şair və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim olunduğunu deyib: "Ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biridir. Bu nöqteyi-nəzərdən, təqdim olunan nəşr müasir dövrdə öz aktuallığı ilə seçilir. Kitab multikultural ənənələrin öyrənilmə cəhdidir. Burada orta əsrlərdən müasir dövrümüzə qədər olan ədəbi-bədii nümunələrdə multikultural dəyərlərin ifadəsinin təzahür forması izah olunur". 

Sonra akademik Kamal Abdullayev görüş iştirakçılarının, o cümlədən tələbələrin çoxsaylı suallarını cavablandırdı və müəllifi olduğu, o cümlədən redaktorluğu ilə çıxan müxtəlif kitabları Ali Məktəbin kitabxanasına və tələbələrə hədiyyə edib.

Rektor Elmar Qasımov akademik Kamal Abdullayevə BANM-in "Fəxri qonaq" diplomunu təqdim edib.

Son xəbərlər

Orphus sistemi