Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırılıb

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
17 Yanvar , 2018 18:03
Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev "Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

Fərmanda qeyd olunur ki, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

Nazirlər Kabinetinə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulurlar.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi