Yuxarı

AMEA-da doktorantura və doktorluq imtahanları üçün hazırlanan test suallarına nəzarət edən ekspert komissiyası yaradılıb

Əminağa Sadıqov: “2015-2016-cı tədris ili üçün doktoranturaya qəbul planının layihəsinin Nazirlər Kabineti tərəfindən təsdiqi yubanır”

Bakı. 3 oktyabr. REPORT.AZ/ AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanan test suallarının yoxlanılmasına nəzarət edən ekspert komissiyası yaradılıb. Bu barədə "Report"a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.

Onun sözlərinə görə, imtahanların test texnologiyaları əsasında keçirilməsi ilə əlaqədar görülən işlər davam edir: "İxtisas imtahanları üzrə test tapşırıqlarını bölmə institutları tərtib edib, eyni zamanda, fəlsəfə və xarici dillər üzrə informasiya-kommunikasiya texnologiyalarının köməyilə xüsusi proqramlar hazırlanıb. Hər ixtisas və fənn üzrə ən azı 300, ən çoxu isə 600 sual hazırlanıb".

İdarə rəisi deyib ki, test suallarının yoxlanılması üçün ekspert komissiyası yaradılıb: "Komissiyanın sədri akademiyanın vitse-prezidenti İbrahim Quliyevdir. Ekspertlərin arasında hər bölmə üzə 1-2 nəfər də var. 15 nəfərdən ibarət ekspert üzvləri testləri oktyabrın 12-dən 20-dək yoxlayacaqlar. Ekspert müzakirəsindən sonra testlər haqqında yekun rəy hazırlanacaq və AMEA Rəyasət Heyəti test bankını təsdiq etdikdən sonra imtahanların keçirilməsi üçün elan veriləcək. Yekun qərar təsdiq olunduqdan sonra dekabrda doktorluq imtahanları olacaq".

Ə.Sadıqov 2015-2016-cı tədris ili üçün doktoranturaya qəbul planının layihəsinin Nazirlər Kabineti tərəfindən təsdiqinin yubandığını bildirib: "Keçən ilin qəbul planı avqust ayında təsdiq olunmuşdu. Bu il üçün müəyyən texniki səbəblərdən məsələnin həlli gecikir. Çox güman ki, yaxın bir həftə ərzində qərarın təsdiq olunaraq bizə göndərilməsi nəzərdə tutulub".

Xatırladaq ki, bu ildən namizədlər ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplamalıdırlar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi