​Doktorant və magistrlara şad xəbər

​Doktorant və magistrlara şad xəbər Layihədə alim və akademiklərin yaş senzi də nəzərdə tutulub
Elm və təhsil
25 Dekabr , 2014 12:58
​Doktorant və magistrlara şad xəbər

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Milli Məclisin Elm və Təhsil Komitəsi “Elm və təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

“Report”un xəbərinə görə, layihə haqqında komitə sədri Şəmsəddin Hacıyev qısa məlumat verib.

Millət vəkili bildirib ki, “Elm haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrup 2007-ci ildə yaradılsa da, “Təhsil haqqında” qanunun qəbulu ilə bağlı sözügedən sənədi hazırlamaq mümkün olmayıb: “Çünki bu layihədə elmin inkişafı üçün vacib olan hədəflər göstərilməmişdi. Qanunun hazırlanmasına 2001-ci ildə başlanıldı və 2013-cü ildə başa çatdırıldı. 2007-ci ildə Elm və Təhsil Komitəsində yenidən müzakirələr aparıldı, amma yenə də bu qanunu qəbul etmək mümkün olmadı. “Elm haqqında” qanun həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir. Ötən müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilat və dövlət qurumlarında müzakirələr aparılıb və onlar tərəfindən qanun layihəsinin təkmilləşdirlməsi ilə bağlı bir sıra təkliflər daxil olub”.

Ş.Hacıyev qeyd edib ki, komitə nəzdində fəaliyyət göstərən İşçi qrupu nəhayət 2013-cü ildə bu qanun layihəsi üzərində işləri başa çatdırıb və bununla bağlı Milli Məclis rəhbərliyinə məruzə olunub: “Bu qanun Azərbaycan müstəqillik əldə etdikdən 23 il sonra tam təkmilləşdirilmiş qaydada müzakirəyə təqdim olundu. Ümid edirəm ki, qanun layihəsi parlamentin ümumi müzakirəsində qəbul olunacaq və bununla da ölkədə elmin inkişafına nail olacağıq”.

Komitə sədrinin fikrincə, “Elm haqqında” qanun öz əhəmiyyətinə görə Konstitusiyadan sonra qanunlar sırasında birinci yerdə dayanır: “Çünki, bu qanun birbaşa elmin inkişafı, əldə ediləcək elmi nəailiyyətlərin, elmi axtarışların və ixtiraların inkişaf etdirilməsinə birbaşa dəstək verəcək. 8 fəsil, 47 maddədən ibarət olan layihə elmi fəaliyyətin tam sərbəstləşməsinə və liberallığın təmin olunmasına kömək olacaq”.

Ş.Hacıyev qanunda nəzərdə tutulan alim və akademiklərin yaş senzi barədə də məlumat verib: “Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən və 50 yaşa qədər olan bütün elm xadimlərin sayı, 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır. Düşünürəm ki, gənclərin elmə marağını artırmaq üçün bir sıra islahatlar həyata keçirilməlidir. Bu islahatlarda qanun layihəsində öz əksini tapıb”.

Komitə sədri, elmi fəaliyyətlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququnun da qanunda əks olunduğunu diqqətə çatdırıb: “Ali məktəblərin magistatura və doktoranturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir. “Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı” adlı maddədə göstərilir ki, “Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verir”.

Komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, bu, bir çağırış müddətinə verilən möhlətdir. Yəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq: “Bu, xidmətdən birdəfəlik azad etmək demək deyil”.

Son xəbərlər

Orphus sistemi