Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək

Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək Müsabiqənin bu ilin mart-avqust aylarında keçirilməsi nəzərdə tutulur
Elm və təhsil
16 Mart , 2017 12:24
Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək
Report

Bakı. 16 mart. REPORT.AZ/ Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” təsdiq edilməli, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apellyasiya komissiyalarının tərkibi təsdiq edilməlidir.

Müsabiqə komissiyasının sədri nazir müavini Mətin Eynullayev nəzərdə tutulub. Komissiyanın üzvləri sırasında nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov yer alıb.

Bundan başqa, nazir müavini Firudin Qurbanov Apellyasiya komissiyasının sədri, nazirliyin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov, İnformasiya şöbəsinin müdiri Elnur Əliyev isə üzvlər seçilib.

Əmrdə qeyd olunur ki, müsabiqənin bu ilin mart-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi