Direktor olmaq istəyənlər üçün müsabiqə elan edilib

Direktor olmaq istəyənlər üçün müsabiqə elan edilib Təlimləri başa vuran şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər
Elm və təhsil
18 Yanvar , 2016 16:25
Direktor olmaq istəyənlər üçün müsabiqə elan edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir. 

Məluamata görə, Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri əhatə edən təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

Təlimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin psixoloji əsasları, kurikulum: nəzəriyyə və tətbiq, təhsildə maliyyənin idarəolunması kimi mövzuları əhatə edəcək. Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə görüşlər təşkil olunacaq.

Müsabiqəyə ali pedaqoji təhsilə malik və ən azı 3 (üç) il pedaqoji iş təcrübəsi olan şəxslər qatıla bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər müraciət formasını dolduraraq 26 fevral 2016-сı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Daha sonra namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə-müsahibəyə dəvət ediləcəklər. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış şəxslər təlimlərdə iştirak edə bilərlər.

Təlimləri başa vuran şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin isə işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.

Son xəbərlər

Orphus sistemi