BANM-də "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib

BANM-də "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib Mübariz Qurbanlı: "Tələbələrin bu istiqamətdə maarifləndirilməsi ölkənin təhlükəsizliyi naminə vacibdir"
Elm və təhsil
9 Aprel , 2015 11:05
BANM-də Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu mövzusunda konfrans keçirilib

Bakı. 9 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib. Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdə ilk olaraq çıxış edən BANM-in rektoru Elmar Qasımov belə mövzuda konfransın Ali Məktəbdə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. M.Qurbanlı mövzunun aktual olduğunu qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu deyib.

Görkəmli şərqşünas-alim, akademik Vasim Məmmədəliyev müxtəlif dinlərin yaranmasından söz açıb və ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi haqqında məlumat verib. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin önəmini qeyd edib. O, İslam dininin əsasında insanpərvərlik, vətənsevərliyin durduğunu vurğulayıb və gəncləri radikal dini cərəyanların təsiri altına düşməməyə çağırıb.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi