Dilçilik İnstitutunun direktoru: “Ana dilini bilmək hər bir vətəndaşın borcudur”

Dilçilik İnstitutunun direktoru: “Ana dilini bilmək hər bir vətəndaşın borcudur” Möhsün Nağısoylu: ​“Dil xalqa məxsusdur, dilin qoruyucusu xalqdır”
Elm və təhsil
21 Fevral , 2017 12:53
Dilçilik İnstitutunun direktoru: “Ana dilini bilmək hər bir vətəndaşın borcudur”

Bakı. 21 fevral. REPORT.AZ/ “Ana dili millətin pasportudur. Ana dili deyəndə bizim yazılı və şifahi ədəbiyyatımızın dili, üslublarımız, ədəbi dilimiz, yəni ümumilikdə Azərbaycan dili nəzərdə tutulur. Azərbaycan Respublikasının dövlət dili, bizim də ana dilimiz Azərbaycan dilidir. Hər bir xalq ana dili ilə tanınır, dövlət atributlarından biri də ana dilidir. Ana dilini bilmək hər bir vətəndaşın borcudur”.

Bunu "Report"a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Azərbaycan dili dünya dilləri içərisində zənginliyinə görə seçilən dildir: “Bizim qədim şifahi xalq ədəbiyyatımız, folklorumuz, "Kitabi-Dədə Qorqud"umuz var. Həmçinin zəngin yazılı ədəbiyyatımız var. Bizim ədiblərimiz tarix boyu dilimizin saflığı uğrunda mübarizə aparıblar”.

Akademik xatırladıb ki, fevralın 21-nin Beynəlxalq Ana Dili Günü elan olunmasının xüsusi bir tarixi var: “1952-ci ilin fevral ayının 21-də Banqladeşdə benqal dilinin qadağan edilməsinə etiraz nümayişi olub və bu zaman 5 nəfər həlak olub. İllər sonra 1999-cu ilin noyabr ayında Banqladeş höküməti ölənlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinə görə YUNESKO-ya müraciət edib. Məhz bu hadisəni nəzərə alaraq, 2000-ci ildən başlayaraq bütün dünyada fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bundan əvvəl belə xüsusi bir gün olmayıb”.

M.Nağısoylu bildirib ki, dilin inkişafı, dilçiliyin tədqiqi ilə bağlı Dilçilik İnstitutunda 12 şöbə fəaliyyət göstərir: “İnstitutun nəzdində olan Monitorinq şöbəsi 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında yaradılıb. Bu şöbənin əsas məqsədi reklamlarda, afişalarda, televiziya kanallarında baş alıb gedən ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq, ədəbi dilimizin saflığını qorumaqdır. Bu şöbənin əməkdaşları ayrı-ayrı rayonlarda mütəmadi olaraq reydlər keçirirlər. Reklamlarda ədəbi dilimizin normalarının qorunması üçün icra strukturları ilə görüşlər keçirilir. Ana dilinin saflığının qorunması istiqamətində görülən işlər gələcəkdə bütün ölkə üzrə davam etdiriləcək”.

Akademik qeyd edib ki, Dilçilik İnsitutunun Monitorinq şöbəsi Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə müqavilə bağlayıb: “Həmin idarənin reklamlarına dil baxımından Dilçilik İnstitutu nəzarət edir. Amma Dilçilik İnstitutu bütün ölkəyə təsir edə bilməz. Hər bir vətəndaşın dili qorumaq vəzifə borcudur. Çünki dil xalqa məxsusdur, dilin qoruyucusu xalqdır. Yəni hər kəs dil məsələsində vətəndaşlıq mövqeyindən çıxış etməlidir. Burada iş həm də icra strukturlarının üzərinə düşür”.

Direktor vurğulayıb ki, ədəbi dildən radioda, televiziyada bütün rəsmi görüşlərdəki çıxışlarda istifadə edilməlidir: “Ədəbi dil qayda-qanunlara tabe olan dildir. Hamımızın borcudur ki, ədəbi dilin normalarına əməl edək. Ədəbi dilə qarşı danışıq dili və dialektlər dayanır”. 

Son xəbərlər

Orphus sistemi