Yuxarı

Dilçilik İnstitutunda "Beynəlxaq Ana dili" gününə həsr olunan tədbir keçirilib

İnstitutun direktoru: Azərbaycan dilinin qrammatikasını yeni variantda hazırlamaq lazımdır

Bakı. 17 fevral. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Beynəlxaq Ana dili" gününə həsr olunmuş tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə millət vəkili Nizami Cəfərov, institutun direktoru Möhsüm Nağısoylu, institutun əməkdaşları, dilçi professor və alimlər iştirak edib.

İnstitutun direktoru Möhsüm Nağısoylu bildirib ki, dil, ana, vətən sözləri bir-biri ilə bağlıdır: "Ana dili vətən dilidir, bizim ana dilimizin tarixi qədimdir. Azərbaycan dili dünyanın ən qədim və ən zəngin dilləri sırasındadır. Dilimizin ən bariz nümunəsi "Kitabi Dədə Qorqud"dur".

Direktor "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramında olan məsələlərdən bəhs edib. Onun sözlərinə görə, Dövlət Proqramının yerinə yetirilməsi üçün işlər davam etdirilir: "Ötən il institutda 4 yeni şöbə yaranıb. Həmçinin ilk dəfə Dilçilik İnstitutuna 3 magistr daxil olub".

M.Nağısoylu qeyd edb ki, Azərbaycan dilinin qrammatikasını yeni variantda hazırlamaq lazımdır: "Son dövrlərdə Azərbaycan dilinə daxil olan yeni sözlərin olduğu lüğət hazırlanmalıdır. Dilimizin saflığı, yeni sözlərin yaradılması üçünı işlər görülməlidir".

Nizami Cəfərov Azərbaycan dilinin tarixi barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan dili türk dilinin qoludur: "Azərbaycan dilinin qrammatikası möhkəmdir, amma dilin müəyyən sahələri var ki, ora diqqəti artırmaq lazımdır".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirib ki, dilçi alimlərin missiyası dilin müxtəlif sahəsini öyrənib cəmiyyətdə təbliğ etməkdir: "Azərbaycan tarixinin müxtəlif dövründə yazılar var ki, qədim dillərdədir. Bunun üçün də hazırda ölü dilləri öyrənmək lazımdır. Gəncləri bu istiqamətdə yetişdirmək lazımdır".

Konfransda filologiya üzrə fəlsəfə doktorları Baba Məhərrəmli, İsmayıl Məmmədli, Sevil Mehdiyeva, Şahlar Məmmədov, Cahid Kazımov məruzələrlə çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi