Yuxarı

Dilçilik İnstitutu: "Qaynar xətt" sisteminin quraşdırılmasına başlanılıb

Sistem gələn həftə ictimaiyyətə təqdim olunacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt" sisteminin quraşdırılmasına başlanılıb. Bu barədə "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Yasamal Telefon Qovşağının mütəxəssislərinin iştirakı ilə sistem quraşdırılır: "Növbəti günlərdə xətti sınaqdan keçirəcəyik və gələn həftə ictimaiyyətə təqdim olunacaq".

Şöbə müdirinin sözlərinə görə, "Qaynar xətt" yeddirəqəmli və avtomatik sistem olacaq: "Qaynar xətt" 24 saat fasiləsiz işləyəcək. Gələn zənglərin bəziləri dərhal cavablandırılacaq, elə suallar da var ki, onlar araşdırılıb, öyrənildikdən sonra cavab veriləcək. Bütün zənglər qeydiyyata alınacaq. Zənglərin günlük, həftəlik, aylıq statistikası aparılacaq. Sistemə daxil olan zənglərin statistikasını ictimaiyyətə təqdim etmək üçün Dilçilik İnstitutunun saytında (www.dilcilik.org) onlayn xətt fəaliyyət göstərəcək".

Q.Məhərrəmli həmçinin qeyd edib ki, "Qaynar xətt"in yaradılmasında məqsəd əhalini, ictimaiyyəti dil nöqsanlarının aradan qaldırılmasına cəlb etməkdir: "İnsanlar küçədə, televiziyada, reklamlarda, afişalarda gördükləri dil xətaları ilə bağlı "Qaynar xətt"ə məlumat verə biləcəklər".

Qeyd edək ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmaması, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "Qaynar xətt"in yaradılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi