Dilçilik İnstitutu: “22-ci maddə”nin Orfoqrafiya layihəsindən çıxarılması fikri həqiqəti əks etdirmir

Dilçilik İnstitutu: “22-ci maddə”nin Orfoqrafiya layihəsindən çıxarılması fikri həqiqəti əks etdirmir Şahlar Məmmədov: “Təkliflər üzərində iş aprel ayında yekunlaşa bilər”
Elm və təhsil
7 Mart , 2018 11:34
Dilçilik İnstitutu: “22-ci maddə”nin Orfoqrafiya layihəsindən çıxarılması fikri həqiqəti əks etdirmir
Report

Bakı. 7 mart. REPORT.AZ/ “AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupu “Azərbaycan dilinin Orfoqrafiya qaydaları”ı layihəsi ilə əlaqədar təqdim olunan təkliflər üzərində işini aprel ayında yekunlaşdıra bilər, təkliflər çoxdur, hər bir təklif müzakirə olunur”.

Bunu "Report"a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov deyib.

O bildirib ki, İşçi Qrupu işini yekunlaşdırandan sonra lüğət Orfoqrafiya Komissiyasında bir daha müzakirə olunacaq və ondan sonra Nazirlər Kabinetinə göndəriləcək: “İşçi Qrupunun əsas işi mətbuatdakı layihə ilə bağlı təklifləri pasportlaşdırmaq, statistik təhlillər aparmaq, ictimai müzakirələrin nəticəsini ümumiləşdirmək, məntiqli təkliflərdən faydalanmaqdır. İşçi qrupu bir neçə maddənin layihədən çıxarılmasını, hətta bəzi maddələrin əlavə edilməsini təklif edib. Məsələn, İşçi qrupu mənim iki təklifimi müsbət qiymətləndirib. Yəni, maddələrin sayının artma, yaxud azalması haqda hələlik birmənalı fikir söyləyə bilmərik. Dəyişikliklərin bir çoxu redaktə xarakterlidir”.

Mütəxəssis qeyd edib ki, layihə ictimai müzakirəyə təqdim ediləndə bəziləri 69 maddədən ibarət təkliflər paketinə heç bir dəyişiklik edilməyəcəyini, yəni ictimai müzakirələr nəzərə alınmayacağını iddia edib: “Əlbəttə, biz əvvəlcədən bilirdik və deyirdik ki, həmin fikirlərin heç bir əsası yoxdur, çünki istər İşçi qrupu, istərsə də Orfoqrafiya Komissiyası bu məsələyə çox həssas yanaşır. Müzakirələrin daha da faydalı olması üçün rəhbərlik digər təcrübəli alimlərimizi İşçi qrupunun iclaslarına dəvət edir, onların da faydalı fikirləridən bəhrələnir”.

Ş.Məmmədov “əsgər sözünün yazılışı ilə bağlı sualı cavablandıraraq bildirib ki, dil qaydalarına, kar samitlərin bir-birini izləməsi qanununa görə (sk, şk) söz (ikinci hecada) k hərfi ilə yazılıb g ilə tələffüz edilməlidir: “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin 22-ci bəndində əskər, əskinas, İskəndər, işkəncə və s. kimi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır.  Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən sk, şk ikincisi k tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına g keçib. Məsələn, təş-kil, əs-ki-nas, iş-kən-cə və s. Biz ad və soyadları müzakirə etmirik. Bu gün həm “İsgəndər”, “Əsgər”, həm də “İskəndər”, “Əskər” şəklində yazılış formasına rast gəlirik. Bəziləri belə hesab edir ki, bu sözlərin (təxminən 5 söz) yazılış forması olduğu kimi qalmalıdır. “22-ci maddə”nin təkliflər paketindən çıxarılması fikri həqiqəti əks etdirmir. Ümumiyyətlə, maddənin, yaxud bəndin Orfoqrafiya qaydaları layihəsindən çıxarılması İşçi qrupunun səlahiyyətlərinə aid məsələ deyil”.

Son xəbərlər

Orphus sistemi