Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmədən keçən 25 693 nəfərdən 28-i imtahanda 100% nəticə göstərib. "Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin aparıcı məsləhətçisi Sevinc Ağayeva media nümayəndələri üçün təlimdəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə 25 989 müəllimdən 25 693 nəfəri (98,86%) diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edib.
O, həmçinin qeyd edib ki, 262 nəfər 10 faizdən aşağı nəticə göstərib və diaqnostik qiymətləndirmədən keçməmiş hesab olunub: "Onlardan 12-si Sumqayıt şəhər müəllimidir. İmtahanlarda ən yaxşı nəticəni İngilis dili və coğrafiya müəllimləri göstərib. Riyaziyyat müəllimlərinin nəticələri orta, ibtidai sinif müəllimlərinin nəticələri isə zəif olub.
İmtahanlarda ən böyük problem metodika və bölmə üzrə olub. 30 nəfər imtahanlarda qaydaları pozduğu üçün imtahanlardan kənarlaşdırılıb".