Yuxarı
    Bağlamaq

    DİM: Peşəkar mühasib sertifikatı alan şəxslər 5 ildən sonra yenidən imtahan verəcəklər

    Dinlə
    © Report

    Bakı. 7 iyun. REPORT.AZ/ “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) “peşəkar mühasib sertifikatı” verəcək.

    DİM-dən "Report"a verilən məlumata görə, “Mühasibat uçotu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli qanununun tətbiqi və “Mühasibat uçotu haqqında”  qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2018-ci il tarixli fərmanına əsasən müvafiq qanunun bəzi maddələrinin icrasının təmin edilməsi DİM-ə həvalə edilib.

    Qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyatı orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsidir. Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının illik maliyyə hesabatlarını dərc edən şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi də qanunda öz əksini tapıb.

    “Mühasibat uçotu haqqında”da qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçənlərə “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəd – sertifikat veriləcək. Forması Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunacaq peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş il olacaq. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdırlar.

    Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi