DİM imtahanların ödənişli olması ilə bağlı Tarif Şurası ilə danışıqlara başlayıb

DİM imtahanların ödənişli olması ilə bağlı Tarif Şurası ilə danışıqlara başlayıb Məleykə Abbaszadə: "Azərbaycanda qəbul imtahanlarının iki dəfə keçirilməsi ilə bağlı yenilik neçə illərdir hazırlanır"
Elm və təhsil
14 Fevral , 2017 13:07
DİM imtahanların ödənişli olması ilə bağlı Tarif Şurası ilə danışıqlara başlayıb

Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycanda qəbul imtahanlarının iki dəfə keçirilməsi ilə bağlı yenilik neçə illərdir hazırlanır".

“Report”un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əvvəlki illərin məzunları üçün may, cari ilin məzunları üçün isə iyul ayında imtahanlar keçirilib: “Abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans istəyirdilər. Əvvəllər dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası maliyyələşdirildi və hər bir abituriyentə ayrılan xərc müəyyən bir məbləğ idi. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs səlahiyyətinə malik olduğundan əvvəlki qaydanı təkrar edə bilməzdik”.

DİM sədri deyib ki, artıq bu xidmət bir növ pullu olduğundan abituriyentlərə əlavə imkan yaradılıb: “Elmi nöqteyi-nəzərdən bu imtahanların tamamilə uyğunluğu neçə ildir müşahidə olunur. Bu iki imtahan arasında korrelyasiya əmsalı yüksəkdir. Fikrimcə, doğurdan da öz şanslarından istifadə etmək istəyən abituriyentlər bu imkandan yararlana biləcəklər. Abituriyentlər hansı imtahanda iştirak etmək istədiyini özləri müəyyən edəcəklər. Onlara verilən ərizə formasında qeyd edəcəklər ki, yalnız may, yaxud iyul ayında olan imtahanda, eləcə də hər iki imtahanda iştirak etmək istəyirlər". 

M.Abbaszadə, həmçinin test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işlərin yarım ildir aparıldığını diqqətə çatdırıb: “Son üç il ərzində TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair bütün araşdırmalar hazırdır. Bu araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişdik. Hazırda bizim öz təkliflərimiz də hazırdır. Təbii ki, qərar Tarif Şurası tərəfindən qəbul ediləcək. Lazımi danışıqlar bu gündən başlanılıb”.

Son xəbərlər

Orphus sistemi