DİM: İnzibati rəhbər vəzifələr üzrə keçirilən test imtahanında 21 namizəd uğur qazanıb

DİM: İnzibati rəhbər vəzifələr üzrə keçirilən test imtahanında 21 namizəd uğur qazanıb Bakı. 31 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.
Elm və təhsil
31 Mart , 2018 13:40
DİM: İnzibati rəhbər vəzifələr üzrə keçirilən test imtahanında 21 namizəd uğur qazanıb
"Report"

Bakı. 31 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahana qeydiyyat martın 6-dan 30-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə nəticələrə dair arayış təqdim olunub.

İmtahanda 70 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə isə 7 nəfər olmaqla, ümumilikdə, 21 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələrilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidirlər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə srtifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 2-4-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi